Oktyabrın 23-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Qəbələ rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qəbələ rayonunda “Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, ziyalılar, müəllimlər və ictimaiyyət nümayəndələri iştiral ediblər.
Seminar-müşavirəni giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev mənəvi dəyərlərin təbliğ edilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi. A.Allahverdiyev Qəbələ rayonunda təşkil olunmuş seminar-müşavirəyə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlığını bildirdi.
Seminar treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında məlumat verdi. İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Fondun mənəvi sahədə geniş fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Azərbaycançılığın xalqımız üçün böyük dəyər olduğunu qeyd edən M.İsmayılov bu ideologiyanın birləşdirici xüsusiyyətə malik olduğunu vurğuladı.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Azərbaycançılıq ideologiyasının tarixi formalaşma yolu və mənəvi dəyərlər sistemindəki yeri haqqında geniş məruzə ilə çıxış etdi. A.İsgəndərov hər bir vətəndaşın Azərbaycançılığa bağlı olmasının vacibliyini diqqətə çatdırdı.
Seminar-müşavirədə çıxış edən Qəbələ rayonu, Zarağan 2 saylı tam orta məktəbin müəllimi Gülsəfa Ərzumanova mənəvi dəyərlərin gənclər arasında təbliğinin vacib olduğunu qeyd etdi. G.Ərzumanova bununla bağlı maarifləndirmə işinin təşkilinin əhəmiyyətininin vacibliyi haqqında fikirlərini bildirdi.
Seminar-müşavirədə geniş müzakirələr aparıldı.