Fevralın 8-də Göyçay rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində “Dəyərlərinə bağlı gənclik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov, məscidin rəsmi din xadimi Ramin Rəhimov, dindarlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı diqqətə çatdırılıb ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Bu gün dünyanın bir çox yerlərində müxtəlif dairələrin maraqları naminə bombalar partlayır, qızğın münaqişə ocaqları yaranır. Müxtəlif üsullardan istifadə edilərək gənclər münaqişə ocaqlarının mərkəzinə atılır. Bununla da cəmiyyətin gələcəyi olan qüvvələr məhvə məhkum olunur. Azərbaycan gəncliyinin ən böyük xoşbəxtliyi xurafatdan, dini radikalizmdən uzaq, öz adət-ənənəsinə ən yüksək şəkildə diqqətin olduğu, dünyəvi dəyərlərə sahib bir mühitdə, ölkədə yaşamasıdır. Bu stabilliklə paralel gənclər hər cür inkişaf imkanına sahibdirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.