"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Biləsuvar rayonunda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Oktyabrın 19-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvar rayonunda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib. 
Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, ilahiyyatçı ekspert Anar Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri və dindarlar iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi maarifləndirmə tədbirlərinin böyük əhəmiyyəti olduğunu qeyd etdi və gələcəkdə də davamlı olmasının vacibliyini vurğuladı.
Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimov şəhidlərə göstərilən hörmət və ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Şəhid atası xüsusilə gənclər arasında bu kimi tədbirlərin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırdı. 
Seminar-treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu haqqında iştirakçıları məlumatlandırdı. İcraçı direktorun müavini Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun hər kəs üçün şəhidlik nümunəsi və fəxarət mənbəyi olduğunu bildirdi. C.Əliyev qeyd etdi ki, Mübariz İbrahimovun qəhrəmanlığı nəticəsində şəhidliyə və şəhidlərə olan yüksək ehtiram təzahür etmiş, ordumuzda olan mənəvi ruh yüksəkliyi daha da artmışdır.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov Qurani-Kərimə görə şəhidlərin yüksək məqama sahib olduğunu, şəhidliyin dərin mənəvi mahiyyət daşıdığını qeyd etdi. 
Tədbirdə ilahiyyatçı ekspert Anar Əliyev bildirdi ki, şəhidlik mənəvi dəyər olaraq xalqımız tərəfindən hər zaman uca tutulmuş, şəhid ailələrinə dərin hörmət bəslənilmişdir.
Yekunda din xadimləri çıxış edərək seminar-treninqlə bağlı öz fikirlərini bölüşdülər və şəhidlər üçün dualar etdilər.

calendar 19-10-2018, 14:44 eye 1 119 eye Paylaş