Fevralın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xəzər rayonu Binə qəsəbəsi “İmam Həsən” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli və mənəvi dəyərlərimizin təbliği dini radikalizmlə mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, Xəzər rayonu Binə qəsəbəsi “İmam Həsən” məscidi dini icmasının sədri Eldayaq Hüseynov və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri E.Hüseynov qeyd edib ki, bu tədbirlərin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizin qorunması, gənclər arasında təbliği və gələcək nəsillərə çatdırılmasıdır.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı V.Musayev dini radikalizm, onun mahiyyəti, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb