Fevralın 7-də Tərtər rayonu Güləbatlı kənd klubunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, kənd ağsaqqalları, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, belə maarifləndirici tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında, onların dini radikalizmdən qorunmasında mühüm əhəmiyyət kəsb edir. Zərərli vərdişlərə qarşı mübarizə aparılması və belə vərdişlərdən insanlarımızın çəkindirilməsi İslam dinində də öz əksini tapmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.