Fevralın 6-da Lerik rayonu Hamarmeşə kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lerik rayonu Vizəzəmin kənd məscidi dini icmasının təşkilatçılığı ilə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Səfər Səfərli, Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı mütərəqqi dəyərləri özündə ehtiva edən İslam dininin elm, mədəniyyət və həmrəylik dini kimi bəşəriyyəti sülhə səslədiyi qeyd edilib. “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” deyən Ulu Öndər Heydər Əliyevin xalqımızın zəngin və çoxəsrlik milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və inkişafındakı misilsiz xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.