"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Bakıda “Milli müstəqilliyimiz - mənəvi gücümüz” mövzusunda konfrans keçirilib.

       Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Bakı şəhərində “Milli müstəqilliyimiz - mənəvi gücümüz" mövzusunda konfrans keçirilib.
          Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Elman Nəsirov, Aydın Mirzəzadə, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, Səs Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Aİİ-nin rektoru Ceyhun Məmmədov, şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
       Konfransda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, müstəqilliyimiz bizim mənəvi gücümüzdür. O qeyd edib ki, hər bir insanın həyatında müəyyən dəyərlər var və bu dəyərlər mühüm əhəmiyyət kəsb edir. Bunlardan biri də hürriyətdir. Fərdin hürriyət arzusu, cəmiyyət və dövlətdə istiqlaliyyətə, müstəqilliyə çevirilir. Tarixən Azərbaycan ərazilərində bir çox dövlətlər qurulub, müxtəlif işğalçılar torpaqlarımızı zəbt edib, lakin xalqımızın dəfələrlə müstəqilliyini qazanması Azərbaycan xalqının istiqlal əzmini göstərir. 1991-ci ildə xalqımızın iradəsi, əzmi nəticəsində müstəqilliyimiz yenidən əldə edildi. Lakin həmin dövrdə müstəqilliyimiz üzərində qara buludlar əsirdi, müstəqilliyimiz üçün ciddi təhdidlər yaranmışdı. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması müstəqilliyimizi bu bəlalardan xilas etdi və müstəqilliyimiz möhkəmləndi. Bu gün beynəlxalq aləmdə mürəkkəb bir vəziyyət var, lakin Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş və qətiyyətli siyasət nəticəsində Azərbaycanın müstəqilliyi qorunur və daha da inkişaf etdirilir. Müstəqilliyimiz bir çox dəyərləri birləşdirir və möhkəmləndirir.

Sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə SƏS TV tərəfindən çəkilmiş Azərbaycanın müstəqilliyi və inkişafı haqqında film nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı professor Elman Nəsirov diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyinin 27-ci ildönümünü qeyd edir. 1991-ci il çox gərgin il idi, torpaqlarımız işğal edilirdi, itkilər verirdik. Bir yandan da hakimiyyət uğrunda mübarizə baş qaldırmışdı, ölkə parçalanma ərəfəsində idi, hakimiyyətsizlik, özbaşınalıq hökm sürürdü. Belə bir vəziyyətdə Azərbaycanın müstəqilliyi məsələsi təhlükə altında idi. O zamankı hakimiyyət Azərbaycanın müstəqilliyinin elan olunmasını ləngidirdi, başqa sovet ölkələri müstəqilliklərini elan etsə də, Azərbaycanın müstəqilliyinin elan edilməsi ləngiyirdi. Nəhayət uzun prosesdən sonra müstəqillik elan edildi.

E.Nəsirov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin addımları müstəqilliyimizi şərtləndirdi. Heydər Əliyev ilk dəfə Azərbaycanın üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə gətirdi, Naxçıvanın adından “Sovet Sosialist Respublikası” sözlərini götürdü və məsələ qaldırdı ki, rəsmi Bakı da bu addımı atsın. Azərbaycanın həqiqi müstəqilliyi Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı, bununla da Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu. Artıq 1996-cı ildə Azərbaycanın iqtisadiyyatı tam bərpa olunmuşdu və inkişaf edirdi. Bu gün Prezident İlham Əliyev həmin siyasəti çox uğurla davam etdirir, Azərbaycan dünyada böyük nüfuza malik bir ölkəyə çevrilib. Hazırda Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollardır, bütün parametrlər üzrə ölkəmiz çox güclənib, böyük nailiyyətlər əldə olunub və bütün bunlar dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir.

      Daha sonra çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, müstəqillik Azərbaycan xalqının genindədir. Azərbaycan xalqı mənəvi gücü sayəsində müstəqilliyə nail oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində xidmətləri əvəzsizdir. Onun Azərbaycanda hakimiyyətə qayıtması ölkəmizi müstəqilliyimizin ilk illərində yaranmış bütün bəlalardan xilas etdi. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə mühüm inkişafa nail olub, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

        Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda vəziyyət olduqca acınacaqlı idi, müstəqilliyimiz böyük təhlükə altında idi. Azərbaycan parçalanmaq təhlükəsi ilə qarşılaşmışdı, ölkədə özbaşınalıq hökm sürürdü, Bakıda küçəyə çıxmaq mümkün deyildi. O zaman Azərbaycan xalqına bir lider lazım idi. Bu səbəbdən 1992-ci il oktyabrın 16-da 91 Azərbaycan ziyalısı “SƏS” qəzeti vasitəsilə müstəqilliyi qorumaq üçün ulu öndər Heydər Əliyevə müraciət etdi. Xalq özünə bir lider istəyirdi. Heydər Əliyev xalqın qəlbində idi. Hamı bilirdi ki, Azərbaycanı Heydər Əliyevdən başqa heç kim xilas edə bilməyəcək. Ümummilli lider Heydər Əliyev “SƏS” qəzeti vasitəsilə Azərbaycanın xilas olması konsepsiyasını təqdim etdi və orada hökumətin atmalı olduğu addımları, çıxış yollarını göstərdi. Mən bunu Azərbaycanın “xilas konsepsiyası” adlandırıram. O zaman xalq təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəyirdi. Məhz Ulu Öndərin qayıdışı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, ölkəmiz bütün bəlalardan xilas oldu. O zaman Azərbaycanı lider-xalq sevgisi xilas etdi, bu gün də ölkəmizin möhkəmlənməsinə, inkişafına xidmət edir.

B.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev Ümummilli Lider tərəfindən qoyulan yolu uğurla davam etdirir. Dövlətimizin başçısının 15 illik fəaliyyəti göstərdi ki, O, Ulu Öndərin ən layiqli davamçısıdır. Bu gün Azərbaycan Prezidentini xalq sevir və bütün seçkilərdə də sübut edib ki, İlham Əliyevə etimad göstərir, onun siyasətini dəstəkləyir. Onun siyasətinin mərkəzində insan amili, vətəndaş amili dayanır, xarici siyasətdə isə dövlət və xalq marağı dayanır. Müstəqilliyimiz milli sərvətimizdir, onu göz bəbəyimiz kimi qorumalıyıq.

Konfrans mövzu ətrafında müzakirələrlə işini davam etdirib.

calendar 17-10-2018, 15:52 eye 879 eye Paylaş