Yanvarın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icmasının təşkilatçılığı ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidində “Vətən anlayışı və milli-mənəvi özünüdərk” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, şöbənin əməkdaşı Aslan Sultanov, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabunçu rayonu üzrə səlahiyyətli nümayəndəsi Musa Qasımov, Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Əmirxan Tahirov milli-mənəvi dəyərlərimizin təbliği baxımından keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən A.Kazımov milli-mənəvi və dini dəyərlərə sadiqliyin vacibliyini diqqətə çatdırıb, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə almasında, eləcə də cəmiyyətimizdə vəhdət, qardaşlıq, birlik və həmrəylik prinsiplərinin formalaşmasında milli-mənəvi və dini dəyərlərimizin oynadığı roldan bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.