"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Bakıda “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda panel keçirilib

Yanvarın 28-də Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Dillər Universitetinin dəstəyi ilə “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda birgə panel keçirilib. 
Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Türkiyə Yunus Əmrə İnstitutunun baş direktoru Şeref Ateş, millət vəkilləri Hikmət Babaoğlu və Qənirə Paşayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Komitə sədrinin müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov, alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qonaqları salamlayaraq təşkil edilmiş tədbirin mənəvi-irfani düşüncəmizdə dərin izlər qoyacağını diqqətə çatdırıb. Daha sonra çıxış edən 
millət vəkilləri Hikmət Babaoğlu və Qənirə Paşayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Seyid Yəhya Şirvani Bakuvinin təsəvvüf ənənəsindəki yeri haqqında fikirlərini bölüşüblər. 
Paneldə Seyid Yəhya Şirvani Bakuvi, təsəvvüf, xəlvətilik və birgəyaşayış ənənəsi ilə bağlı Türkiyə Gazi Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müəllimi Mustafa Tatçının “Əbədi silsilə və Yəhya Şirvani”, Tədqiqatçı, yazıçı, Türk təsəvvüf musiqisi Vəqfi İstanbul Tarixi Türk Musiqisi qrupunun qurucu müdiri Ömer Tuğrul İnançerin “İslam,Təsəvvüf və Xəlvətilik”, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun “Azərbaycanda birgəyaşayış ənənəsinin formalaşmasında təsəvvüfün rolu”, Ankara Sosial Elmlər Universiteti Qrafik Dizayn fakültəsinin müəllimi Ümit Akdemirin “Bir sevgi rəhbəri Seyid Yəhya Şirvani ve əsərləri”, Kalkandələn Dövlət Universitetinin müəllimi, professor Metin İzetinin “Balkan ölkələrində Seyid Yəhya Şirvani ənənəsi”, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazovun “Azərbaycan təsəvvüf ənənəsində xəlvətiliyin yeri” mövzusunda məruzələri dinlənilib. 
Panel çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Türk Təsəvvüf Musiqisi Konsertinin keçirilməsi də nəzərdə tutulub. 
İki günlük panelin ikinci hissəsi Yanvar ayının 29-da Şamaxı şəhərində keçiriləcək.

calendar 28-01-2019, 16:25 eye 1 380 eye Paylaş