"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə şimal bölgəsində maarifləndirmə layihələri uğurla icra olunur

Yanvarın 23-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının təşkilatçılığı ilə “Gənc nəslin yetişməsində milli-mənəvi dəyərlərimizin rolu” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşı Aqşin Əliyev, DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının II Nügədi inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəsi Dəyanət Hacıyev, Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, həmin kəndin “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, kənd ictimaiyyəti – o cümlədən, valideyin və gənclər, dindarlar iştirak edib.
Tədbirdə geniş məruzə ilə çıxış edən DQİDK-nin əməkdaşı Aqşin Əliyev qeyd edib ki, müsbət milli-mənəvi dəyərləri təbliğ etmək xüsusilə gənc nəslin bizə yad olan təsirlərdən qorunması üçün vacib yollardan biridir.   Bununla əlaqədar olaraq dövlətimiz hər zaman gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ olunmasına diqqət ayırmış və bu yolda iş aparılmaqdadır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev öz çıxışında qeyd edib ki, Azərbaycan mədəniyyətinin əsasını müxtəliflik təşkil edir. Belə ki, burada təkcə bir xalqın və yaxud bir dinə sitayiş edən insanların birliyi deyil, müxtəlif dilə və dinə mənsub bir çox xalqlar, etnik qrup nümayəndələri əsrlər boyu bərabər və qardaşlıq şəklində yaşayıblar.
Quba RİH başçısı Aparatının II Nügədi kənd İƏD üzrə nümayəndəsi Dəyanət Hacıyev milli-mənəvi dəyərlərin təbliği sahəsində ərazidə aparılan işlərdən söz açaraq bildirib ki, ölkədə adət və ənənələr mədəni tədbirlər üçün rəmzi məna daşıyır. Məsələn, Novruz bayramı ərəfəsində keçirilən bir çox mədəni tədbirlərdə səmənidən, xalqımızın qədim milli geyimlərindən və s. milli-rəmzi atributlardan geniş istifadə olunur.  
Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov və digər çıxış edənlər  dövlətin dinə və dindarlara qayğısından bəhs edərək bildirib ki, milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissi yaşaması tolerantlığın və birliyin bariz təzahürüdür. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 23-01-2019, 16:37 eye 777 eye Paylaş