Yanvarın 22-də Ağdam rayonunun Dördyol-1 qəsəbəsində yerləşən mədəniyyət evində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Dini radikalizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Ramil Cavadov, Ağdam rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Ağdam rayonu Dördyol-1 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Abdullayev, Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri və imamı Barat Bağırov, ziyalılar, dindarlar və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev bildirdi ki, zərərli dini vərdişlərə qarşı mübarizədə dini maarifləndirmə tədbirləri çox yaxşı mübarizə üsuludur. Dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara, xüsusilə də gənclərə aşılanması zərərli vərdişlərin qarşısının alınmasında ən səmərəli vasitədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov bildirdi ki, hazırda ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Dini durum ölkəmizin hər yerində olduğu kimi Qarabağ bölgəsində, o cümlədən Ağdam rayonunda da sabitdir. Natiq qeyd etdi ki, milli-mənəvi dəyərlərimiz radikal dini cərəyanlara qarşı həmişə mübarizə aparıb, zərərli vərdişlərin insan həyatını zəhərlədiyini və puç etdiyini adamlara, xüsusilə gənc nəslə min illərdir ki aşılayır. Çalışmaq lazımdır ki, milli-mənəvi dəyərlərin imkanlarından belə məsələlərdə geniş istifadə olunsun.
Məruzə ətrafında Dördyol-1 qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Abdullayev, Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri və imamı Barat Bağırov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam rayon üzrə əməkdaşı Yaqut Qəhrəmanova və 114 saylı məktəbin direktoru Zərif Mehdiyeva çıxış edərək, bu kimi maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsinin önəmini diqqətə çatdırıblar.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı.