"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda “Azərbaycan Xalq Cümhuriyyəti illərində milli-mənəvi dəyərlərimiz “ mövzusu müzakirə edilib

Yanvarın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Masallı rayonu Meşəkənarı kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Dövlətçiliyimizin möhkəmləndirilməsində mənəvi dəyərlər amili“  adlı layihə çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti illərində milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Xarici əlaqələr şöbəsinin məsləhətçisi Ayxan Həsənov, Masallı bölgəsi üzrə şöbənin müdiri Miryəhya Bədirov, Meşəkənarı kənd məscidi dini icmasının sədri Ələddin Mirzəyev, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. 
Ziyalı Əzizağa Lətifov tədbiri giriş sözü ilə açaraq, AXC hakimiyyəti  zamanında xalqımızın milli-mənəvi dəyərlərinin inkişafına verilən önəmdən danışıb.DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Ayxan Həsənov bildirib ki, Azərbaycan Demokratik Respublikası (ADR) milli ənənələrimizin qorunması, eləcə də əhalinin dini ehtiyaclarının ödənilməsi sahəsində əhəmiyyətli addımlar atdı. Daha sonra natiq qeyd etdi ki, ADR iki ildən az yaşasa da, Azərbaycan dövlət quruluşunun bərpa olunması, onun istiqlaliyyətinin dirçəldilməsi, xalqımızın milli mənlik şüurunun oyanması baxımından az iş görmədi.Masallı bölgəsi üzrə şöbənin müdiri Miryəhya Bədirov öz çıxışında AXC hakimiyyəti  zamanında Azərbaycançılıq ideyasının öz təzahürünü milli dövlətin yaranmasında, onun ictimai həyatın bütün sahələrində məqsədyönlü fəaliyyətində tapdığını, bu ideyanın əhalinin şüuruna hakim kəsildiyini bildirib. İcma sədri Ələddin Mirzəyev və başqa çıxışçılar mövzu ətrafında fikirlərini bölüşdürərək belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna  minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 22-01-2019, 16:20 eye 852 eye Paylaş