Yanvarın 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının sədri Davud Qəhrəmanlı, dindarlar, gənclər və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslə ötürülməsi ən vacib məsələlərdəndir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, milli-mənəvi dəyərlərin gənc nəslə olduğu kimi çatdırılması sahəsində dövlətimiz xüsusi proqramlar və tədbirlər həyata keçirir. Bu tədbirlərin hər biri yeni nəslin öz milli-mənəvi dəyərlərinə hörmət ruhunda inkişafına kömək etmiş olur.
Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının sədri Davud Qəhrəmanlı bildirib ki, mənəvi dəyərlərin tərkib hissəsi olan dinə, o cümlədən dindarlara və dini icmalara dövlətimiz tərəfindən diqqət və qayğı yüksək səviyyədədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.