Yanvarın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Kürdəmir rayonu Carlı kənd “İmam Hüseyn” məscidi dini icması “Vətənin daşı olmaq” adlı layihə çərçivəsində “Mənəvi dəyərlər və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq Ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Samir Əhmədov, Carlı kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Cümşüd Kərimov, dini icma sədrləri, din xadimləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxışında bildirib ki, Azərbaycan xalqı dünya xalqları içərisində ən zəngin mənəviyyatlı xalqlar sırasındadır. Natiq milli-mənəvi dəyərlərimizin gənc nəslə təbliği istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib. DQİDK-nın Dinşünaslıq Ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev mövzu ilə bağlı çıxışında qeyd edib ki, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, biz öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, ziyalı Gülməmməd Eyvazov və digər natiqlər də çıxışlarında vurğulayıblar ki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Eyni zamanda tədbirdə şəhidliyin İslam dinindəki yeri haqqında məlumat verilib. Dövlətçiliyimizin bərqərar edilməsi və möhkəmlənməsində şəhidlərin xüsusi rolunun olduğu diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.