Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “SƏS” Media Qrupunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, ziyalılar, şəhid ailələrinin üzvləri, tələbələr və KİV iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət ediblər.
Tədbir UNEC-in akt zalında Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi başlayıb. Öncə SƏS TV-nin 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə hazırladığı film nümayiş olunub.
UNEC-in rektoru, professor Ədalət Muradov 20 Yanvarın xalqımızın tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazıldığını bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Qorbaçov hakimiyyətinin törətdiyi cinayəti ifşa edib və kəskin etirazını bildirib. Ulu Öndər bəyanatında xalqımıza qarşı törədilən qanlı cinayətin məsuliyyətinin o dövrkü SSRİ və Azərbaycan rəhbərlərinin üzərinə düşdüyünü bildirib və bütün azərbaycanlıları həmrəyliyə çağırıb. Az sonra Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı ildə yanvar hadisələrinə ilk siyasi qiyməti verib.
Universitetin qəhrəman tələbələri çoxdur deyən rektor bildirib ki, bu sırada öndə UNEC-in şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının adı gəlir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi və xalqımızın öz süverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixi haqqında danışıb. O, 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixində şanlı səhifə adlandırıb. İcraçı direktor qeyd edib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır”.
“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev 20 Yanvar faciəsinə qədər respublikada hökm sürən ictimai-siyasi proseslərə nəzər yetirib, xalqın müstəqillik uğrunda apardığı mübarizə əzmindən danışıb: “SSRİ Konstitusiyasında xalqların təhlükəsizliyinin təmin olunması prinsipi mövcud idi. Ancaq Moskva bu prinsipi ayaq altına ataraq, o vaxtkı SSRİ respublikalarından biri olan Azərbaycanda kütləvi qətliam həyata keçirdi. 1990-cı ilin 20 yanvarında onlarla azərbaycanlı öldürüldü, yüzlərlə insan isə bu və ya digər formada sağlamlığını İtirdi. Bununla Moskva Azərbaycan xalqının mübarizə əzmini qırmağa ümid etmişdi. Ancaq o zaman dünyanın ən mübariz xalqı adını almış millətimiz milli-azadlıq uğrunda mübarizəsini davam etdirdi”.
B.Quliyev 20 Yanvar faciəsinin baş verməsində o vaxtkı milli-azadlıq hərəkatının önündə gedən şəxslərlə yanaşı, Azərbaycan rəhbərlərinin də günahı olduğunu qeyd edib. Bildirib ki, digər sovet respublikalarında olduğu kimi, müstəqillik mübarizəsini qansız-qadasız həyata keçirmək olardı.
“SƏS” Media Qrupunun rəhbəri 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin Ulu öndərimiz Heydər Əliyev tərəfindən verildiyini də bildirib: “1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələn Ulu öndərimiz Heydər Əliyev Bakıda 20 Yanvar faciəsinin törədilməsinə görə, bilavasitə, SSRİ-nin rəhbəri Qorbaçovun günahkar olduğunu bildirib. Heydər Əliyev Bakıda baş verən qanlı olaylar barədə dünya ictimaiyyətini məlumatlandırdı. Bununla da Azərbaycanda mövcud olan informasiya blokadası Ulu öndərimizin qətiyyəti sayəsində aradan qaldırıldı”.
Sonda tədbirdə iştirak edən şəhid ailələri onların keçdiyi həyat yolundan danışıb, xatirələrini bölüşüblər. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qanla yazılan şərəfli tarix olduğunu bildirərək, dövlətin onlara göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndiriblər.
Daha sonra Universitetdə 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan süfrəsi açılıb.