"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mehman İsmayılov: “Muğam sənəti milli və mənəvi dəyərlərimizin əsas tərkib hissələrindən biridir”

Məlum olduğu kimi, Milli Məclisin Mədəniyyət komitəsi muğam sənətinin qorunması və inkişafı ilə bağlı qanun layihəsi hazırlayıb. Hansı ki, qarşıdakı günlərdə bu layihənin müzakirəsi və qəbulu gözlənilir.
Belə bir qanunun qəbulu milli mənəvi dəyərlərimizin bir hissəsi olan muğamlarımızın qorunması və inkişafı baxımından nə dərəcədə zəruridir?
Moderator.az-a açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, muğam sənətinin qorunması və inkişafı ilə bağlı qanun layihəsinin qəbulunun mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:
“Milli Məclisin Mədəniyyət komitəsinin muğam sənətinin qorunması və inkişafı ilə bağlı qanun layihəsi hazırlaması çox təqdirə layiq addımdır. Bilirik ki, musiqi bəşər tarixinin ən qədim nümunələrindəndir. Hər bir xalqın musiqisi onun həyat tərzi, inanc və adət-ənənələrinə görə formalaşır. Duyğu və düşüncələrin təzahürü olan musiqi sahib olduğu ifadə gücü ilə bənzərsiz təsirə malikdir. Milli və mənəvi dəyərlərimizin əsas tərkib hissələrindən biri olan muğam sənəti də xalqımızın düşüncə tərzini, adətlərini, dəyərlərini özündə əks etdirir.  Muğam eyni zamanda mədəniyyətimizi dünyada tanıtmaq baxımdan müstəsna rola malikdir.
Uzun illərdir ki, dövlət bu sahəyə xüsusi diqqət ayırır. Azərbaycan muğamının yenidən dirçəldilməsi və dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidməti vardır. Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilmiş silsilə tədbirlər nəticəsində muğam sənətimiz bu gün dünyada daha çox tanınır. Bu sənətin qorunması və inkişafı ilə bağlı qanunun qəbulu muğam sənətinin inkişafına daha da təkan verəcəkdir. Ən əsası isə milli və mənəvi dəyərlərimizin, ümumilikdə isə mədəniyyətimizin tanıdılmasına xidmət edəcəkdir”.

calendar 21-01-2019, 15:47 eye 947 eye Paylaş