Yanvarın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının 2019-ci ilin fəaliyyət planı və qarşıda duran vəzifələrə həsr edilmiş iclası keçirilib. İclasda Fondun 2019-cu il üçün nəzərdə tutulmuş illik fəaliyyət planı, xərclər smetası və həyata keçirməyi nəzərdə tutduğu tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.
Himayəçilər Şurasının sədri Salman Musayev iclasın gündəliyində duran məsələlər barədə məlumat verib. O, iclasda Fondun illik fəaliyyət planının, mənəvi dəyərləri təbliğ edən şəxslərə maddi dəstəyin göstərilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin müraciətinin və Fondun xərclər smetasının layihəsinin müzakirə olunacağını qeyd edib.
İclasda Fondun icraçı direktoru Mehman İsmayılov məruzə ilə çıxış edərək qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri haqqında məlumat verib.
İclasın yekununda Fondun illik Fəaliyyət Planının dəstəklənməsi, mənəvi dəyərləri təbliğ edən şəxslərə maddi dəstəyin göstərilməsi və Fondun xərclər smetasının layihəsinin təsdiq edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməsi barədə qərar qəbul edilib.