Yanvarın 16-da Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsi Mədəniyyət evində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, Ağdam rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbə tam orta məktəbin direktoru Yaşar Ağayev, Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xətai Abdullayev, Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri və imamı Barat Bağırov, ziyalılar, dindarlar və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev bildirdi ki, zərərli dini vərdişlərə qarşı mübarizədə dini maarifləndirmə tədbirləri çox yaxşı mübarizə üsuludur. Dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara, xüsusilə də gənclərə aşılanması zərərli vərdişlərin qarşısının alınmasında ən səmərəli vasitədir.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov “Gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda məruzə edib. Ramil Cavadov bildirib ki, cəmiyyətimizin aparıcı hissəsi olan gənclərimizin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də onların qeyri-ənənəvi, radikal yönümlü dini təriqətlərin, pis vərdişlərin təsirindən qorunması, mənəviyyatımıza zidd dini cərəyanlara qarşı mübarizənin təşkil edilməsi istiqamətində müəyyən işlər görülməsi, xüsusilə vaxtaşırı maarifləndirmə tədbirləri aparılması gənclərimizin zərərli vərdişlərdən qorunmasında mühüm vasitədir.
Məruzə ətrafında Yeni İmamqulubəyli qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xətai Abdullayev, qəsəbə sakini Əkbər Məmmədov və müəllimə Aynurə Səlimova çıxış edərək, bu kimi maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsinin önəmini diqqətə çatdırıblar.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb və onların fikir və təklifləri dinlənilib.