Yanvarın 17-də Ağcabədi rayonu Muğanlı kənd məscidində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə dəyərləri milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda layihə çərçivəsində “Tarixilik və ailə dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi rayon Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidinin dini ayinlərin icraçısı Həsənxan Mənsumov, icma üzvləri, kənd sakinləri və kənd ağsaqqalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev bildirdi ki, Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərinin qoruyucusu olmaqla yanaşı, həm də genofondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayıb.
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Tarixilik və ailə dəyərləri” mövzusunda məruzə edib. Təyyar Hacıyev bildirib ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərə sadiqlik göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Milli-mənəvi dəyərlər baxımından əhəmiyyətli məsələ olan ailə anlayışına dövlətimiz tərəfindən də hər zaman xüsusi diqqət göstərilib.
Ağcabədi rayon Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidinin dini ayinlərin icraçısı Həsənxan Mənsumov çıxış edərək, müqəddəs kitabımız olan Qurani Kərimdən və peyğəmbərimizin ailə haqqındakı hədislərindən bəhs edib.
Məruzə ətrafında Ağcabədi rayon Şahsevən kənd tam orta məktəbin direktoru Tahir Həsənov və kənd ağsaqqalı Şöhlət Əsədov çıxış edərək valideyn-övlad münasibətlərində, yoldaşlıq və dostluq kimi əxlaqi dəyərlərin təbliğində belə tədbirlərin böyük əhəmiyyəti olduğunu vurğulayıblar.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.