"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Qaxda mənəvi dəyərlərin təbliğinə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Yanvarın 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qax rayonu Güllük kənd “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə Qax rayonu Ləkit kənd klubunda, “Milli həmrəylik və din” layihəsi çərçivəsində “Həmrəyliyimizi formalaşdıran mənəvi dəyərlərimiz” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qax Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının əməkdaşı Fərid Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Tərlan Nəzərov, Qax Rayon İcra Hakimiyyəti başçısının Ləkit kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təhminə Ağayeva, Qafqaz Müsəlmanları İdarəsinin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, Güllük kənd “Cümə” məscidi dini icmasının sədri Rəhim Hüseynov, Ləkit kənd məscidi dini icmasının sədri Rüstəm Əliyev, Ləkit kənd dindarları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qax, Qax Rayon İcra Hakimiyyəti başçısının Ləkit kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təhminə Ağayeva dini maarifləndirilmə işinin aparılmasının önəmindən danışıb. 
Güllük kənd “Cümə” məscidi dini icmasının sədri Rəhim Hüseynov əvvəlcə layihə barəsində tədbir iştirakçılarına qısa məlumat verib. Daha sonra icma sədri dini icmalar tərəfindən bu cür layihə tədbirlərinin keçirilməsində məqsədin insanlarımızın dini cəhətdən maarifləndirilməsi olduğunu vurğulayıb. 
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Tərlan Nəzərov Azərbaycan xalqının mənəvi dəyərlərinin əhəmiyyətindən, mənəvi dəyərlərin formalaşmasında dinimizin rolundan və eyni zamanda həmrəyliyimizin formalaşmasında milli-mənəvi dəyərlərin önəmindən bəhs edib. Natiq, eyni zamanda müxtəlif radikal dini qruplar tərəfindən milli birliyin pozulmasında, insanların öz soy kökündən, adət-ənənələrindən, milli dəyərlərindən uzaqlaşdırılmasında, həmrəyliyin pozulmasında dindən alət kimi istifadə etdiklərini və bu amilin yaratdığı acınacaqlı fəsadlar barədə tədbir iştirakçılarına ətraflı  məlumat verib. 
Çıxışlar yekunlaşdıqdan sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi tədbir iştirakçılarına nümayiş edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 17-01-2019, 15:28 eye 819 eye Paylaş