Yanvarın 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sumqayıt şəhəri Kotec qəsəbəsi “İmam Sadiq” məscidi dini icmasının təşkilatçılığı ilə “İslam dinində humanizm və insan haqları” layihəsi çərçivəsində “İslam sülh və əmin-amanlıq dinidir“ mövzusunda ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə “İmam Sadiq” məscidinin imamı Mirfəyyaz Fəttayev, imam müavini Məzahir Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, dindarlar və qəsəbə sakinləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan məscidin imamı Mirfəyyaz Fəttayev dini icmaların maarifləndirici layihələrinə dövlət dəstəyinin təqdirəlayiq hal olduğunu bildirib. O, mövzu ilə bağlı çıxış edərək İslam dininin bəşəri din olduğunu və bəşəriyyəti sülhə, humanizmə səslədiyini vurğulayıb.
Tədbirdə iştirak edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov çıxış edərək milli, dini dəyərlərimizin uğurlu təbliğatı sahəsində dini icmaların, din xadimlərinin maarifləndirici fəaliyyətinin əhəmiyyətindən danışıb. O, bildirdi ki, dünyada, bir çox müsəlman ölkələrində müşahidə olunan dini radikalizm və ekstremizmin törətdiyi qanlı müharibələr, müəyyən siyasi mərkəzlərin dinlər üzərindən manipulyasiya edərək ayrı-ayrı regionlarda hazırladıqları destabilizasiya planları müasiri olduğumuz dövrdə dinlərin, eləcə də İslam dininin sülh və humanizm prinsiplərinin daha qabarıq şəkildə təbliğini zəruri edir.
Daha sonra çıxış edən “İmam Sadiq” məscidinin imam müavini Məzahir Əliyev İslamda insan haqlarından və humanist prinsiplərdən bəhs edən bir neçə surə və ayələri şərh etdi.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.