Oktyabrın 4-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Astara rayonunda “Şəhidlik-mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Emin Mehdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, ilahiyyatçı-ekspert Samir Yoldaşov, Astara Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında ölkəmizdə dövlətlə din arasında nümunəvi münasibətlərin mövcudluğundan bəhs edib. Q.Məmmədov Astarada Məhərrəmlik və Aşura mərasimlərinin milli-mənəvi dəyərlərimizə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanunvericiliyin tələblərini gözləməklə keçirildiyini bildirib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Emin Mehdiyev İslam dinində şəhidlik və onun mahiyyəti, eləcə də, milli-mənəvi dəyərlərimizdə şəhidliyə münasibət haqqında məruzə ilə çıxış edib. Azərbaycan gənclərinin yüksək vətənpərvərlik, mənəvi-əxlaqi keyfiyyətlərinə malik olduğunu vurğulayıb. Natiq, ölkəmizdə şəhid ailələrinə Prezident İlham Əliyev və I Vitse-Prezident, xanım Mehriban Əliyeva tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edib.
İlahiyyatçı Samir Yoldaşov çıxışında şəhidlik fəlsəfəsi, eləcə də, İslam dinində şəhidliyin uca məqamından danışaraq, ölkəmizdə şəhidlərin xatirəsinə böyük hörmət və ehtiramın olduğunu diqqətə çatdırıb.
Astara RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMI-nin Astara rayon üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli çıxışlarında dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin böyük əhəmiyyətə malik olduğunu qeyd edərək, bu baxımdan keçirilən tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürlərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.