Yanvarın 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Kürdəmir rayonu Carlı kənd “İmam Hüseyn” məscidi dini icmasının təşkilatçılığı ilə “Vətənin daşı olmaq” adlı layihə çərçivəsində “Vətən sevgisi vətəndaşlıq borcu” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Samir Əhmədov, Carlı kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Cümşüd Kərimov, Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İradə Mahmudova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxışında bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında qeyd edib ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətəni naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğuruna sevinməkdir.
Digər natiqlər də çıxışlarında vurğulayıblar ki, vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.