Yanvarın 9-də Siyəzən şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Siyəzən şəhəri “Cümə məscidi” dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər: adətlər, ənənələr” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy, Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, məscidin imamı Faiq Əliyev, Siyəzən rayon ictimaiyyəti o cümlədən, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslə olduğu kimi ötürülməsi ən vacib məsələlərdəndir. Məhz buna görə də yeniyetmə və gənclərə bu sahədə biliklər verilməli, xüsusi diqqət ayrılmalıdır.
Siyəzən RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə əlaqədar rayonda aparılan işlərdən bəhs edərək qeyd edib ki, bir milləti millət edən və ayaqda saxlayan milli- mənəvi dəyərlərdir. Müasir gənclik mütləq milli-mənəvi dəyərlərimizi tanımalı və həyatını buna uyğun qurmalıdır.
Daha sonra tədbirdə çıxış edənlər “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, imam Faiq Əliyev, imam müavini Farid Novruzov dövlətin milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində diqqət və qayğısını yüksək qiymətləndirərək bildiriblər ki, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılmalı və müasirlik milli-mənəvi dəyərlərə qarşı olmamalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavabıandırılıb.