Yanvarın 11-də Qusar rayonu Balaqusar kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Elnur Ağasiyev və Fərid Məmmədov, Qusar rayonu Balaqusar kənd tam orta məktəbin direktoru Babacan Zəkiyev, Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının sədri Fəryaddin Rəhimxanov, kənd ictimaiyyəti – o cümlədən ziyalılar, gənclər iştirak ediblər.
DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov tədbirdə geniş məruzə ilə çıxış edərək ölkəmizdə müxtəlif dinlər, məzhəblər və xalqlar arasında həmrəylik və vəhdətin mövcudluğundan danışaraq tolerantlığın milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Məruzədə İslam həmrəyliyinin, tolerantlıq və multikulturalizmin Azərbaycan modelinin dünyada nümunə kimi qəbul edildiyi diqqətə çatdırılıb. F. Məmmədov İslam dininin sülh və həmrəylik dini kimi radikalizmə qarşı olduğunu qeyd edərək, milli-mənəvi dəyərlərdən uzaqlaşmağın və dini radikalizmin fəsadlarından danışıb.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlərimizin təbliği, qorunması və gələcək nəsillərə çatdırılması günümüz üçün aktual olan mövzulardandır. E. Ağasiyev bildirib ki, milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz mənəvi dəyərlər sisteminə aiddir.
Qusar rayonu Balaqusar kənd tam orta məktəbin direktoru Babacan Zəkiyev çıxış edərək dövlətin təhsilə qayğısından danışıb və vurğulayıb ki, təhsil sahəsində milli-mənəvi dəyərlərin təbliğinə xüsusi diqqət yetirilir, həmçinin, gənclərin müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişməsi üçün lazımi şərait yaradılır. B. Zəkiyev belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin, eyni zamanda gənclər arasında aparılan təbliğatın əhəmiyyətindən söz açıb və qeyd edib ki, özünəməxsus adət-ənənələrin, mədəniyyət, ədəbiyyat, ana dili və tarixinin olması hər bir xalqın, millətin ən böyük sərvəti sayılır.
Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının sədri öz çıxışında Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının mənəvi dəyərlərin təbliği sahəsində həyata keçirdiyi silsilə tədbirlərdən bəhs edib. F. Rəhimxanov milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissi yaşamasının tolerantlığın bariz təzahürü olduğunu qeyd edərək, dövlətin dinə və dindarlara qayğısından danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və iştirakçılara maarifləndirmə vəsaitləri hədiyyə edilib.