Oktyabrın 3-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə “Mənəviyyat böhranı - Narkomaniya” mövzusunda Azərbaycan Dillər Universitetində konfrans keçirilib. Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekan müavini Ruslan Bağırov, Bakı şəhər Narkoloji Dispanserin həkim narkoloqu Təriqə Quliyeva, araşdırmaçı ekspert Tərxan Paşazadə, müəllimlər və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Universitetin dekan müavini Ruslan Bağırov gənclər arasında maarifləndirmə işinin aparılmasının böyük əhəmiyyətə malik olduğunu bildirdi və Azərbaycan Dillər Universitetində təşkil edilmiş konfransa görə minnətdarlığını bildirdi.
Konfransda “Mənəvi Dəyərlər və gənclər” mövzusunda məruzə ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun fəaliyyəti haqqında məlumat verdi. Ölkəmizdə əsrlər boyu formalaşmış dəyərlər sisteminin bütün neqativ hallarla mübarizədə vacib rol oynadığını qeyd edən M.İsmayılov gənclərin mənəvi dəyərlərimiz ətrafında sıx birləşməsinin vacibliyini vurğuladı. İcraçı direktor Prezident İlham Əliyevin gənclər siyasətinin onların formalaşması üçün geniş imkanlar yaratdığını da diqqətə çatdırdı.
Konfransda araşdırmaçı ekspert Tərxan Paşazadənin “Bəşəri bəla - narkomaniya” mövzusunda slayd-təqdimatı keçirildi. T.Paşazadə dünya ölkələrində narkomaniya ilə bağlı mövcud vəziyyət, tendensiyalar və mübarizə yolları ilə bağlı ətraflı məlumat verdi.
Daha sonra çıxış edən Bakı şəhər Narkoloji Dispanserin həkim narkoloqu Təriqə Quliyeva Narkomaniya ilə mübarizədə tibbi profilaktikanın əsasları barədə geniş məruzə ilə çıxış etdi. T.Quliyeva narkomaniyanın insan orqanizmi üçün törətdiyi fəsadlar və zərərli vərdişlərlə mübarizə metodları haqqında da gəncləri məlumatlandırdı.
Konfransın sonunda gənclərlə fikir mübadiləsi aparıldı və ekspertlər tərəfindən onları maraqlandıran suallar cavablandırıldı.