Yanvarın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Göyşaban kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində rayonun Tatoba kənd Sənətkarlıq klubunda maarifləndirici tədbir keçirilib.
“Milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Göyşaban kənd məscidi dini icmasının sədri Marafat Musayev, Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Tatoba kənd tam orta məktəbinin direktoru Zahid Cəfərov, Tatoba kənd Sənətkarlıq klubunun direktoru Mahir Həsənov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında qeyd edib ki, bu tədbirlərin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizin qorunması, gənclər arasında təbliği və gələcək nəsillərə çatdırılmasıdır. E.Həmidli xalqımızın Ümummili Lideri Heydər Əliyevin milli-mənəvi və dini dəyərlərimizin qorunması sahəsində mühüm xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov çıxışında milli-mənəvi dəyərlərimizin qorunmasının və gənclərimizin bu dəyərlər ruhunda formalaşmasının zəruriliyini vurğulayıb.
Tatoba kənd tam orta məktəbinin direktoru Zahid Cəfərov və digərləri çıxışlarında mövzunun aktuallığı ilə bağlı fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.