"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ağcabədidə “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının təşkilatçılığı ilə Ağcabədi rayonu Hüsülü kənd məscidində “Milli-mənəvi dəyərlərimiz radikal dindarlığa qarşıdır” mövzulu layihə çərçivəsində “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının sədri Elnur Sadıqov, Ağcabədi rayonu Hüsülü kənd ərazi dairəsi üzrə nümayəndəsi Ələmdar Köçəriyev, Ağcabədi rayonu Hüsülü kənd Bələdiyyəsinin sədri Kəklik Əhmədova, Ağcabədi rayonu Hüsülü kənd məktəbinin direktoru Baxış Baxışov, icma üzvləri, kənd sakinləri və kənd ağsaqqalları iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının sədri Elnur Sadıqov bildirdi ki, Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin üstündən bəzi hallarda xətt çəkmək, onu aşağılamaq istəyinin baş qaldırması bizi narahat etməyə bilməz. İlk növbədə hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın keçməkeçli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bugünümüzün həyati tələbatına çevrilmiş, xalqımızın özünəməxsus milli mentaliteti meyarlarına çevrilmiş mənəvi dəyərlər xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür.
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda məruzə edərək bildirdi ki, Azərbaycanda dövlət-din münasibətləri Qanunla yüksək səviyyədə tənzimlənmir. Din dövlətdən ayrı olsa da, dövlət tərəfindən dindarlara xüsusi qayğı ilə yanaşılır. Milli-mənəvi dəyərlərimiz bizim mənəvi xəzinəmizdir. Həm də, milli-mənəvi dəyərlərimizin tələbləri zərərli vərdişlərə qarşı, xüsusilə qeyri-ənənəvi dini cərəyanların mənfi təbliğatına qarşıdır. Ona görə də, gənclərin vətənpərvərlik tərbiyəsində tədris müəssisələridə, ailədə və ictimaiyyətdə bu dəyərlərin imkanlarından bəhrələnmək lazımdır. 
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış edərək bildirdi ki, Mənəvi dəyərlər bu gün daha çox ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi fəaliyyət göstərir. Adət-ənənə ilə əxlaq arasında qırılmaz bağlılıq var. Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çünki milli-mənəvi dəyərlər xalqın milli ruhunu, estetik ruhunu, estetik duyumunu, sənətkarlıq qüdrətini özündə yaşadır. Hazırda bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsi olaraq zərərli dini cərəyanlara qarşı mübarizə vasitəsidir.
Məruzə ətrafında Ağcabədi rayonu Hüsülü kənd ərazi dairəsi üzrə nümayəndəsi Ələmdar Köçəriyev, Ağcabədi rayonu Hüsülü kənd Bələdiyyəsinin sədri Kəklik Əhmədova və Ağcabədi rayonu Hüsülü kənd məktəbinin direktoru Baxış Baxışov da çıxış ediblər.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.

calendar 11-01-2019, 12:19 eye 1 055 eye Paylaş