Yanvarın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Göyçay rayonu II Ərəbcəbirli kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Bayraq sevgisi” adlı layihə çərçivəsində “Vətən sevgisi vətəndaşlıq borcu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, II Ərəbcəbirli kənd məscidi dini icmasının sədri Rəşad Şirəliyev, dindarlar və dini icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə əməkdaşı Rauf Nəsirov çıxışında bildirib ki, biz öz vətənimizi – doğma Azərbaycanımızı hədsiz məhəbbətlə sevirik. Bizim müqəddəs borcumuz Vətənə, onun çiçəklənməsinə xidmət etmək, Vətənin hər qarış torpağına sinəmizi sipər edib onu qorumaqdır. O, qeyd edib ki, vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla, vətənlə bağlıdır. Vətən borcu vətəndaşlıq borcudur. Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir.
Göyçay rayonu II Ərəbcəbirli kənd məscidi dini icmasının sədri Rəşad Şirəliyev və dini icmanın təsisçilərindən Məhəmməd Əskərov öz çıxışlarında bildiriblər ki, Vətən bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin vəhdət təşkil etdiyi müqəddəs bir varlıqdır. Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir ərazi deyil. O, xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.