Yanvarın 12-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində “Vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Rauf Nəsirov, Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov, dindarlar və dini icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göyçay RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov çıxışında bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxışında bildirib ki, milli-mənəvi dəyərlər sistemində Vətən sevgisi başlıca dəyərlərdəndir. Bu dəyər olmadan hər hansı dövlətin çiçəklənməsi, hətta ayaqda durması mümkün deyil. Ə.Rəfiyev vətənin müdafiəsi uğrunda çəkilən keşiyin mənəvi dəyərinin son dərəcə yüksək olduğunu qeyd edib.
Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və digər natiqlər öz çıxışlarında Vətən sevgisini təbliğ etməklə hər qəlbin dərinliklərində mövcud olan vətənə məhəbbəti oyatmağın mümkün olduğunu vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.