Yanvarın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının təşkilatçılığı ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd klubunda “Milli-mənəvi irs Azərbaycan xalqını bütövləşdirən və zənginləşdirən amil kimi” adlı layihə çərçivəsində “Milli və dini dəyərlərimizə bağlılıq” mövzusunda maarifləndirici tədbir keçirilib
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Mehtixan Zeynalov, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Atakişi Atakişiyev, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imamı Elman Piriyev, ziyalılar, dini icma üzvləri və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imamı Elman Piriyev açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Cəbrayıl rayonunda ilk məscid olaraq Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarı tikilmişdir. Azərbaycan Prezidentinin Cocuq Mərcanlıya göstərdiyi diqqət və qayğı hamıya bəllidir. Elman Piriyev bildirdi ki, Azərbaycan gənclərinin vətənpərvərliyi və milli-mənəvi dəyərlərimizə bağlılığı bizim qürur yerimizdir. Bu günkü mövzu da bu cəhətdən çox aktualdır.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Mehtixan Zeynalov “Milli və dini dəyərlərimizə bağlılıq” mövzusunda məruzə etmişdir. O, bildirdi ki, hər bir xalqı dünyada tanıdan və digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri də onun milli mənəvi dəyərləri, adət-ənənələridir. Milli və dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün çox aktualdır. Çünki, milli dəyərlərimizin gənclərimizin formalaşmasında böyük təsiri vardır.
Məruzə ətrafında Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Atakişi Atakişiyev və Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev də çıxış edərək bildirdilər ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.