Yanvarın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və İmişli rayonu Şahverdili kəndi “Əhli-Beyt” məscidi dini icmasının təşkilatçlığı ilə “Dəyərlərinə bağlı mühavizəkar gənclik ” layihəsi çərçivəsində “Gənclərin formalaşmasında və bir şəxsiyyət kimi yetişməsində mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, İmişli rayonu Şahverdili kəndi “Əhli-Beyt” məscidi dini icmasının sədri Elnur Abbasov, dini icma üzvləri, kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə İmişli rayonu Şahverdili kəndi “Əhli-Beyt” məscidi dini icmasının sədri Elnur Abbasov çıxış edərək, milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb və dini maarifləndirmə sahəsində həyata keçirilən bu cür tədbirlərin müsbət nəticələrini xüsusi qeyd edib. O, həmçinin milli dövlətçiliyimizin möhkəmlənməsində xüsusi rolu olan mənəvi dəyərlərimizin gənclərə aşılanması, həmçinin onların dini cəhətdən maarifləndirilməsinin zəruriliyindən bəhs edib.
DQİDK-nin İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov çıxış edərək, dini radikal qrupların və digər zərərli vərdiş daşıyıcılarının başqalarını necə öz təsir altına alması, onların təbliğat metodları haqqında danışıb. O, gənclərə tövsiyələrini verərək bildirdi ki, dini radikalizm və zərərli vərdişlərin təsirindən uzaq olmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaq lazımdır. O, belə tədbirlərin mütaəmadi şəkildə keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndirilməsində və onların zərərli vərdişlərin təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb və Komitə tərəfindən nəşr edilən ədəbiyyatlar paylanılıb.