Yanvarın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və gənclər iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Elvin Umudov açaraq bildirdi ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda məruzə edib. O, bildirdi ki, keçən əsrin sonlarında milli-mənəvi dəyərlər sistemində yaranan boşluqlardan istifadə edən ünsürlər yanlış ideologiyaları, qondarma və qurama adətləri, hətta başqa xalqların xarakterik xüsusiyyətlərindən doğan adətləri təbliğ etməyə çalışırlar.
Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov çıxış edərək bildirdi ki, ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın və milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi dövlətimiz tərəfindən təmin olunur.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.