Yanvarın 10-da Şabran rayonu Vələsli kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şabran rayonu Vələsli kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Müasirlik və milli-mənəvi dəyərlər” adlı layihə üzrə ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Elnur Ağasiyev və Mehman Məmmədov, Şabran Rayon İcra Hakimiyyəti (ŞİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov kənd ictimaiyyəti – o cümlədən ziyalılar və gənclər iştirak ediblər.
Şabran RİH-nin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov tədbiri açıq elan edərək bildirdi ki, bir milləti millət edən və ayaqda saxlayan milli mənəvi dəyərlərdir. O, milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə əlaqədar rayonda aparılan işlərdən bəhs edərək qeyd edib ki, müasir gənclik mütləq milli-mənəvi dəyərlərimizi tanımalı və həyatını buna uyğun qurmalıdır.
DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev tədbirdə çıxış edərək vurğulayıb ki, mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Xalqımızın simasında zaman-zaman yaşamış və keçmişdən bizə gəlib çatmış milli-mənəvi dəyərlərimiz - ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik bu gün dövlətin hər cür resurslarla formalaşdırmağa və yaşatmağa çalışdığı ən mühüm milli-mənəvi dəyərlərimizdəndir.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması və onun dövrümüzdəki aktuallığından söz açıb. M. Məmmədov bildirib ki, bir dəyər kimi, ölkəmizdə mövcud olan multikultural və tolerant mühit çox əhəmiyətlidir – çünki, belə mühüt sülh şəraitində birgəyaşayışın təminatıdır.
Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov öz çıxışında dövlətin dinə və dindarlara qayğısından bəhs edərək bildirib ki, milli-mənəvi dəyərləri qorumaq və yaşatmaq hər birimizin borcudur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.