Yanvarın 9-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının təşkilatçılığı ilə II Nügədi kəndi “Molla Hud” məscidində “Gənc nəslin yetişməsində milli-mənəvi dəyərlərimizin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Fərid Məmmədov, Elnur Ağasiyev, Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, ağsaqqallar, gənclər, dindarlar və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlərin gənc nəsillərə çatdırılmasında maarifləndirmə işinin düzgün qurulmasının xüsusi önəmi vardır. Bununla əlaqədar olaraq dövlətimiz hər zaman gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ olunmasına diqqət ayırmış və bu yolda iş aparmaqdadır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev də tədbirdə çıxış edərək dövlətin gənc nəslə qayğısından danışıb, milli-mənəvi dəyərlərin təbliğində dinin rolundan bəhs edib.
Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov və digər çıxış edənlər qeyd ediblər ki, dini ibadət yerlərinin ən önəmli işi dinimizi ənənəvi şəkildə gənclərə çatdırmaqdan ibarətdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.