Yanvarın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Şağlaser kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində rayonun Şağlaser kənd kitabxanasında maarifləndirici tədbir keçirilib.
“Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq?” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Şağlaser kənd kitabxanasının müdiri İldırım Paşayev, Şağlaser kənd ümumi orta məktəbinin direktor müavini Mircəfər Paşayev, dini icma sədri Ruhulla Ruhullayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini radikalizm və onun fəsadları, eləcə də radikal dini cərəyanlar haqqında ətraflı məlumat verərək, dini radikalizmə qarşı mübarizədə elm və təhsilin əhəmiyyətini vurğulayıb. E.Həmidli qeyd edib ki, bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Şağlaser kənd kitabxanasının müdiri İldırım Paşayev çıxışında gənclər arasında dini radikalizm, ekstremizmə qarşı mübarizə məqsədilə keçirilən tədbirlərin müstəsna əhəmiyyəti olduğunu bildirib.
Şağlaser kənd ümumi orta məktəbinin direktor müavini Mircəfər Paşayev, dini icma sədri Ruhulla Ruhullayev və digərləri çıxışlarında gənclərin zərərli vərdişlərin dini radikalizmin təsiri altına düşməmələri üçün təhsilin və maarifləndirmənin önəmini diqqətə çatdırıblar.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” adlı sənədli film nümayiş olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.