Yanvarın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və İmişli rayonu Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasının təşkilatçlığı ilə İmişli rayon Mərkəzi Kitabxanasında “Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin önəmli tərkib hissəsi kimi” layihəsi çərçivəsində “Vətənpərvərliyimizin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşları Elvin İbrahimov, Elbəy Dəmirov, İmişli rayonu Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Abil Süleymanov, İmişli rayon Mərkəzi Kitbaxana Sisteminin direktoru Hürü Şirinova və həmin kitabxanının əməkdaşları, rayon ziyalıları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə İmişli rayonu Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Abil Süleymanov açaraq qeyd edib ki, bu gün gənclərin qayğısına qalmaq, onları düzgün istiqamətləndirmək, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, sağlam, mənəviyyatlı vətəndaş kimi yetişdirmək hamımızın borcudur.
DQİDK-nin İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov çıxış edərək, gənclərimizin yad təsirlərdən qorunması və uzaq qalması üçün düzgün maarifləndirmənin aparılmasının vacibliyini vurğulayıb. O, bildirib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Çünki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli gənclərimizdən asılıdır. Xüsusilə gənclərimizin yad təsirlərdən qorunması üçün vətənpərvər ruhda, mənəvi dəyərlərimizin timsalında yetişdirilməsinin vacibliyini bildirən şöbə müdiri hazırda gənclərimizin vətəninə xalqına və dövlətinə sədaqəti ilə seçildiyini qeyd edib.
Daha sonra İmişli rayon Mərkəzi Kitbaxana Sisteminin direktoru Hürü Şirinova çıxış edərək bildirdi ki, gənclərimizdə Vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq qarşıda duran əsas məqsəddir. Vətəni sevmək, onu qorumaq çox önəmlidir. Bunun üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda formalaşmalıdırlar.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb və ədəbiyyatlar paylanılıb.