Yanvarın 10-da Sumqayıt şəhəri Corat qəsəbəsində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sumqayıt şəhəri Corat qəsəbə məscidinin təşkilatçılığı ilə “Milli özünüdərkimizdə İslam amili” layihəsi çərçivəsində “Vəhdət və milli birliyimizi qoruyaq” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Corat qəsəbə məscidinin imamı və icma sədri Sahib Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov, ziyalılar və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məscidin imamı S.Məmmədov vurğulayıb ki, birliyə, həmrəyliyə dəyər verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimiz hər zaman sülhə, əmin-amanlığa xüsusi yer vermişdir. İcma sədri “Qurani-Kərim”dən birgəyaşayışa səsləyən ayələrdən nümunələr çəkib.
Daha sonra çıxış edən DQİDK-nin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov bildirib ki, milli birliyimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlər dövlətçiliyimizin möhkəmləndirilməsində və xalqımızın formalaşmasında mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki müsəlmanlar etiqadından asılı olmayaraq hər zaman bir-birinə dəstək olmalıdırlar.
Sonda mövzu ilə bağlı tədbir iştirakçıları ilə qarşılıqlı müzakirələr aparılıb.