Yanvarın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, Ağdam rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Ağdam rayon Gənclər və İdman idarəsinin rəisi Elnur Əhmədov, Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri və imamı Barat Bağırov, tələbələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev bildirdi ki, zərərli dini vərdişlərə qarşı mübarizədə dini maarifləndirmə tədbirləri çox yaxşı mübarizə üsuludur. Dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara, xüsusilə də gənclərə aşılanması zərərli vərdişlərin qarşısının alınmasında ən səmərəli vasitədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda məruzə edib. Ramil Cavadov cəmiyyətdə dini bilgilərin artırılması və dini radikalizmlə mübarizə metodlarının təhlili baxımından belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. O, əlavə olaraq qeyd etdi ki, radikal qruplar milli-mənəvi dəyərlərimizə zidd çıxışlar edir, gəncləri öz məkrli niyyətlərini həyata keçirməkdə vasitəyə çevirirlər. Məhz buna görə də davamlı olaraq keçirilən bu kimi tədbirlər cəmiyyətdə sağlam dini maarifləndirmə işlərinin aparılması baxımından çox əhəmiyyətlidir.
Məruzə ətrafında Ağdam rayon Gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov və Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri və imamı Barat Bağırov çıxış edərək gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaqla bağlı fikirlərin bildiriblər.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.