Dekabrın 8-də Xaçmaz rayonu Çinartala kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Fərid Məmmədov və Mehman Məmmədov, “Həsənqala” kənd məscidi dini icmasının sədri Davud Qəhrəmanlı, Xaçmaz rayonu Çinartala kənd məscidi dini icmasının sədri Məhəmməd Quliyev, dindarlar və gənclər iştirak ediblər.
DQİDK-nin Quba bölgəsi üzrə şöbənin əməkdaşı Fərid Məmmədov tədbirdə çıxış edərək milli-mənəvi və dini dəyərlərə sadiqliyin vacibliyini diqqətə çatdıraraq müqəddəs İslam dini dəyərlərinin hər zaman cəmiyyətimizdə vəhdətin, qardaşlığın, birliyin və həmrəyliyin təminatçısı olduğunu vurğulanıb.
Daha sonra çıxış edən DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov bildirib ki, Azərbaycanda tolerantlıq bir dəyər kimi xüsusi önəm daşıyır. Tarixən və müasir dövrdə ölkəmizdə müxtəlif xalqlar və dinlərin nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayıb.
Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının sədri Davud Qəhrəmanlı və digərləri öz çıxışlarında milli-mənəvi dəyərlərimizin gənc nəsillərə çatdırılması, onların həmin dəyərlərə sadiqliyinin vacibliyindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.