"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Suraxanı rayonunda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib.

Sentyabrın 19-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Suraxanı rayonunda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda tədbir keçirilib. 
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri, ilahiyyatçı Nahid Məmmədov, Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, eləcə də din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Suraxanı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov mövzunun əhəmiyyətinə toxunub, mənəvi dəyərlərimizin mədəniyyətimizi formalaşdıran əsas amillərdən biri olduğunu bildirib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev dinimizin şəhidlik məqamına verdiyi dəyərdən bəhs edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızdan danışıb.
Aşura mərasimlərinə də toxunan C.Əliyev əzadarlıq tədbirləri keçirərkən qanunvericiliyə və mənəvi dəyərlərimizin prinsiplərinə əməl etməyin vacib olduğunu vurğulayıb.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri, ilahiyyatçı Nahid Məmmədov müqəddəs amal, ideya uğrunda canından keçmiş Həzrət Hüseynin həyatının örnək olduğunu bildirib. Qeyd edib ki, torpaqlarımızın işğal altında olması bizdən Kərbəla kimi şəhidlik məktəbindən örnək götürməyimizi tələb edir. 
N.Məmmədov bildirib ki, əzadarlıq mərasimləri 21-ci əsrin tələblərinə uyğun keçirilməli və Aşura mərasimlərində dinimizə uyğun olmayan xurafat əməlləri olmamalıdır. Şöbə müdiri bu məsələdə din xadimlərinin üzərinə müəyyən vəzifələrin düşdüyünü vurğulayıb.
Qaraçuxur məscidinin imamı və dini icma sədri İlyas Nəzərov bildirib ki, Kərbəla şəhidləri kimi Qarabağ, Xocalı şəhidlərininin də xatirəsi daim əziz tutulmalı, ehtiramla yad edilməlidir. Qeyd edib ki, Kərbəla hadisəsinin mahiyyəti insanlara düzgün çatdırılmalıdır. Dövlətin din siyasətindən danışan icma sədri Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Dövlət başçısının dindarlara daim dəstək verdiyini deyən icma sədri son illərdə çoxlu sayda məscid və ibadət ocaqlarının tikildiyini, o cümlədən əsaslı təmir olunduğunu bildirib.

calendar 19-09-2018, 09:38 eye 921 eye Paylaş