Yanvarın 8-də Qusar şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qusar Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev, Qusar Peşə Liseyinin direktoru İmaməddin Zəkiyev, Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov, Qusar rayon ictimaiyyəti – o cümlədən, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması müasir dövrün aktual məsələlərindəndir. Məhz buna görə də yeniyetmə və gənclərlə bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanmalıdır. E. Nurullayev bildirib ki, bir dəyər kimi, ölkəmizdə mövcud olan multikultural və tolerant mühit çox əhəmiyətlidir.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov tədbirdə geniş məruzə ilə çıxış edib. O, bildirib ki, Azərbaycan mədəniyyətinin əsasını müxtəliflik təşkil edir. Belə ki, burada təkcə bir xalqın və yaxud bir dinə sitayiş edən insanların birliyi deyil, müxtəlif dilə və dinə mənsub bir çox xalqlar, etnik qrup nümayəndələri əsrlər boyu bərabər və qardaşlıq şəklində yaşayıblar. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasətin fonunda mənəvi dəyər kimi tolerant və multikultural dəyərlərə hörmət prinsiplərinin qorunması sülhün təminatında böyük rol oynayır.
Qusar RİH-nin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə əlaqədar rayonda aparılan işlərdən bəhs edərək qeyd edib ki, bir milləti millət edən və ayaqda saxlayan milli- mənəvi dəyərlərdir. Müasir gənclik mütləq milli-mənəvi dəyərlərimizi tanımalı və həyatını buna uyğun qurmalıdır.
Qusar Peşə Liseyinin direktoru İmaməddin Zəkiyev dövlətin təhsilə qayğısından danışıb və vurğulayıb ki, gənclərin müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişməsi üçün lazımi şərait yaradılır. O, qeyd edib ki, təhsil sahəsində milli-mənəvi dəyərlərin təbliğinə xüsusi önəm verilir.
Daha sonra tədbirdə çıxış edən “Mustafa Kazdal məscidi” dini icmasının sədri Fəryaddin Rəhimxanov dövlətin milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində diqqət və qayğısını yüksək qiymətləndirərək bildirib ki, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı və müasirlik milli-mənəvi dəyərlərə qarşı olmamalıdır.
Sonda tədbir iştirakçılarına DQİDK-nin sifarişi ilə hazırlanmış maarifləndirmə ədəbiyyatı hədiyyə edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.