Yanvarın 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Ərkivan qəsəbəsi “Şeyx Səfi” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və gənclər” adlı layihə çərçivəsində “Azərvbaycan Xalq Cümhuriyyəti dövründə milli-mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə, Ərkivan qəsəbəsi “Şeyx Səfi” məscidi dini icmasınin sədri Cəbrayıl Məmmədov, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri M.Bədirov mövzunun və maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyindən danışıb. M.Bədirov, eyni zamanda vurğulayıb ki, Şərqlə Qərbin qovşağında yerləşən və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan Azərbaycan hər zaman öz milli-mənəvi, dini dəyərlərinə hörmətlə yanaşan ölkə kimi tanınıb.
Daha sonra çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə bildirib ki, milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını ödəmək məqsədilə 1918-ci il iyunun 19-da ölkəmizdə Dini Etiqat Nazirliyi yaradılmışdı. Onun sözlərinə görə, bu, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin dini sahəyə diqqətinin bariz nümunəsidir. Natiq qeyd edib ki, milli müstəqilliyimizin bərpəsından sonra Ulu Öndər Heydər Əliyev tərəfindən mənəvi dəyərlərimizə böyük diqqət və qayğı göstərilib. “Bu siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir” deyə, A.Məcidzadə əlavə edib. Daha sonra deyib ki, bu gün Azərbaycan dövlətinin vəsaiti hesabına onlarla məscid inşa edilib və ya əsaslı təmir olunub.
Kollecin müəllimləri Nazim Əliyev, Baba Həsənov və icma sədri Ərkivan qəsəbəsi “Şeyx Səfi” məscidi dini icmasınin sədri Cəbrayıl Məmmədov mövzu ilə bağlı geniş çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dövlət başçısının bu sahəyə diqqət və qayğısının nəticəsidir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.