Yanvarın 7-də Oğuz rayonu Tərkəş kəndində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Oğuz rayonu Tərkəş kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimizi yad ünsürlərdən qoruyaq” adlı layihə çərçivəsində “Mənəvi dəyərlər nədir“ mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Tərkəş kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov qeyd edib ki, milli kimliyimizi formalaşdıran əsas ünsürlərdən biri də mənəvi dəyərlərdir. Milli birliyi təmin etmək üçün din amili tarixin hər bir dövründə önəmli məqamlardan biri olmuşdur. Bu baxımdan İslami dəyərlər milli kimliyimizin ayrılmaz parçasına çevrilmişdir.
Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə məsləhətçisi Samir Salehov mövzunun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bir milləti millət edən və ayaqda saxlayan milli mənəvi dəyərlərdir. Vətən, irq, inanc, dil, tarix, mədəniyyət, adət-ənənələrdən formalaşan duyğu, düşüncə və inanclar həmin millətin milli-mənəvi dəyərləridir. Bu dəyərlər zədələndikdə milləti bir-birinə bağlayan tellər zəifləyir və tədricən cəmiyyətdə parçalanmalar baş verməklə həmin xalq tarix səhnəsindən yox olub gedir.
Sonra çıxış üçün söz alan Sincan kənd məscidi dini icmasının sədri Bəşirov Kamal son dövrlərdə milli – mənəvi dəyərlərimizin qorunması ilə əlaqəli dövlətimizin bu sahəyə ayırdığı diqqət və qayğısından söz açıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.