Yanvarın 7-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Astara rayonu Kakalos kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində rayonun Balaca Şahağacı kənd mədəniyyət klubunda maarifləndirici tədbir keçirilib.
“Milli-Mənəvi dəyərlərimiz, həmrəylik və vətənpərvərlik” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Turan Həsənzadə, Emin Həmidli, Astara Rayon İcra Hakimiyyəti (RİH) Başçısnın Kakalos kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Raul Məmmədov, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq, keçirilən bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərindən bəhs edərək, milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə zəruriliyini vurğulayıb.
Astara RİH Başçısnın Kakalos kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Raul Məmmədov, Balaca Şahağacı kənd tam orta məktəbinin direktoru Hicran Əliyev və digərləri çıxışlarında gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin əhəmiyyətini qeyd edərək, keçirilən tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlıqlarını ifadə ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.