Yanvarın 1-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Abşeron rayonu Saray qəsəbə “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “İslam həmrəyliyi-dini vəhdətə çağırış” layihəsi çərçivəsində “Dini və milli kimliyimizin vəhdəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbənin baş məsləhətçisi Orxan Axundov, dini icmanın sədri və məscidin imamı Qalib Tahirov, məscidin mütəvəllisi Əli Şərbətov, icma üzvləri, qəsəbə ziyalıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri və imam Qalib Tahirov layihə ilə bağlı ümumi məlumat verdikdən sonra bildirib ki, bu təbildən olan maarifləndirmə tədbirlərinin əhəmiyyəti çox böyükdür. O qeyd edib ki, mərhəmət, sevgi və əxlaq dini olan İslamda vəhdət yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov təmsil etdiyi Komitənin dövlət-din münasibətlərinin tənzimlənməsində və dini maarifləndirmə sahəsində göstərdiyi fəaliyyətlərdən tədbir iştirakçılarına geniş müstəvidə məlumat verib. Layihənin mövzusu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verən O.Axundov nəzərə çatdırıb ki, tarixin bütün dövrlərində Azərbaycan ərazisində müxtəlif dinlərin, dillərin, mədəniyyətlərin nümayəndələri rahat şəkildə yaşaya bilmiş və heç zaman dini zəmində münaqişə baş verməmişdir. Bu baxımdan elə İslamın öz içində də fərqli məzhəblərinin Azərbaycan ərazisində mozaika misalı fərqliliyin zənginlik olduğu inancı ilə inkişaf xətti keçdiyi söylənmişdir. Natiq bildirib ki, Azərbaycan xalqı İslamı qəbul etdiyi ilk gündən müasir dövrə qədər vəhdət halında yaşamış və İslam dini məzhəbləri arasına nifaq toxumlarının əkilməsinə hər zaman qarşı çıxmışdır. Buna misal olaraq ölkəmizdə inşa olunmuş Qafqazın ən böyük məscidi olan Heydər məscidinin açılışında ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə fərqli məzhəb nümayəndələrinin bir safda vəhdət namazı qılmalarını göstərən O. Axundov bu hadisənin tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Daha sonra məscidin mütəvəllisi Əli Şərbətov mövzu ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.