Dekabrın 28-da Hacıqabulda, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Hacıqabul rayon Muğan qəsəbəsi “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsi” layihəsi çərçivəsində "Vətənə bağlılıq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbənin baş məsləhətçisi vəzifəsini icra edən Mürşüd Rzayev, Hacıqabul Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev, Hacıqabul rayon Muğan qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Gülqardaş Züfüqarov, müəllim və məktəblilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev çıxış edərək bildirdi ki, tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir.
DQİDK-nin Şirvan bölgəsi üzrə şöbənin baş məsləhətçisi vəzifəsini icra edən Mürşüd Rzayev çıxış zamanı vurğulayıb ki, vətənpərvərlik insanın öz vətəninə sevgi və sədaqətindən, doğma vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir
Hacıqabul rayon Muğan qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Gülqardaş Züfüqarov qeyd edib ki, xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan çoxəsrlik tarixi keçmişdən yadigar qalmış tarix və mədəniyyət abidələrinə doğma münasibət, hər şeydən öncə, Vətənə məhəbbətin təcəssümüdür. Məhz buna görə də Vətənimizin keçmişinin şahidi olan tarixi abidələrə hörmət bəsləmək, xalqımızın tarixində milli qürur hissi yaradan, mərdlik simvoluna çevrilən tarixi qalaların əhəmiyyətini dərk etmək, qəhrəmanların döyüş yolunu öyrənmək, onların Vətən haqqında ibrətamiz kəlamlarını qavrayıb dərk etmək insanda vətənpərvərlik hissinin dərin iz buraxmasında müstəsna rol oynayır.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.