Dekabrın 28-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Biləsuvar şəhəri “İmam Zaman” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Biləsuvar şəhəri İmam Zaman məscidində “Azərbaycan xalqının mədəni irsi” layihəsi çərçivəsində “Tarixi-mədəni sərvətlərimizin qorunmasında həmrəy olmalıyıq” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbənin əməkdaşı Taleh Nuruyev, Biləsuvar rayon “İmam Zaman” məscidi dini icmasının sədri Loğman Mehdiyev, məscid dindarları, ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan DQİDK-nin Şirvan bölgəsi üzrə şöbənin əməkdaşı Taleh Nuruyev bildirib ki bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması və din-dövlət münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin siyasətini, ideyalarını davam etdirən Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, eləcə də İslam dininin inkişafı üçün reallaşdırdığı tədbirlər müsəlman aləmində yüksək dəyərləndirilir. Məhz dövlət başçısının bu sahəyə diqqətinin nəticəsidir ki, bu gün dövlətin din siyasəti pozitiv dünyəvilik əsasında qurulub. Prezident İlham Əliyevin qayğısının nəticisidir ki, son 10 il ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir, yenidənqurma işləri aparılıb. Həmçinin dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. Milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirən Prezident İlham Əliyev qeyd edir: "Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur.
Biləsuvar rayon “İmam Zaman” məscidi dini icmasının sədri Loğman Mehdiyev vurğulayıb ki, günümüzdə, Azərbaycan müasirləşən, dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Düzdür, müstəqillik qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri cəmiyyətə daha çox yad dəyərləri qəbul etdirmək cəhdi kimi qiymətləndirilir.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və DQİDK-nin nəşr etdirdiyi kitabçalar tədbir iştirakçılarına çatdırılıb.