Dekabrın 26-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının təşkilatçılığı ilə “Gənc nəslin yetişməsində milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində Quba rayonu II Nügədi kəndində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, şöbənin əməkdaşı Elnur Ağasiyev, Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin məscidi” dini icmasının sədri Vəlibəy Salızadə, dindarlar, gənclər və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması müasir dövrün aktual məsələlərindəndir. Məhz buna görə də yeniyetmə və gənclərlə bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanmalıdır.
DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev öz çıxışında bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb.
Quba rayonu “Hacı Seyid Siracəddin məscidi” dini icmasının sədri Vəlibəy Salızadə tədbirdə çıxış edib. O, dövlətin milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində diqqət və qayğısını yüksək qiymətləndirərək nəzərə çatdırıb ki, gənclər milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı və müasirlik milli-mənəvi dəyərlərə qarşı olmamalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.