Dekabrın 26-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şirvan şəhər Zeynalabidin məscidi dini icmasının təşkilatçılığı ilə Şirvan şəhər 18 saylı orta məktəbdə “Şəhidlərimiz Qəhrəmanlarımızdır!” adlı layihə çərçivəsində “Şəhidlik anlayışı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Şirvan şəhər 18 saylı orta məktəbin direktoru Yusifov İsmayıl, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov çıxış edərək qeyd edib ki, vətəni qorumaq milli-mənəvi borcumuzdur və yaşadığımız Vətən torpaqları qəhrəman əcdadlarımızın, Vətən uğrunda şəhid olan igidlərimizin əsəridir. Azərbaycan dövlətində siyasi sabitlik dünyada bir nümunədir və bu aspekti inkişaf etdirmək bizim borcumuzdur.
Tədbirdə DQİDK Şirvan şöbəsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov vurğulayıb ki, hər bir gəncin şəxsi mənliyi olmalıdır və bunun üzərində qurulmuş öz gələcəyinin inkişafı düzgün istiqamətdə inkişaf etməlidir. Bu səbəbdən hər kəs milli mənliyini qorumalı, elmə qiymət verməli və Vətənə sədaqətlə bağlı olmalıdır.
Şirvan şəhər 18 saylı orta məktəbin direktoru İsmayıl Yusifov gənclərə şəhidlik anlayışından, milli qəhrəmanlarımız və şəhidlərimizin həyat yolundan bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandırılan suallar cavablandırılıb.
************
Dekabrın 24-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şirvan şəhər Zeynalabidin məscidi dini icmasının təşkilatçılığı ilə Şirvan şəhər Zeynalabidin məscidində “Şəhidlərimiz Qəhrəmanlarımızdır!” adlı layihə çərçivəsində “Ən ülvi duyğudur vətən sevgisi” mövzusunda ikinci maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin məsləhətçisi vəzifəsini icra edən Səftər Rəhimov, Şirvan şəhər Zeynalabidin məscidi dini icmasının sədri Cəmşid Hüseynov, dini icmanın üzvləri, dindarlar və ağsaqqallar iştirak ediblər.
Şirvan şəhər Zeynalabidin məscidi dini icmasının sədri Cəmşid Hüseynov çıxışında qeyd edib ki, Vətən dünyaya göz açdığımız doğma el-oba sayılır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığı ilə Vətənini öz şəxsiyyətində yaşatmalıdır. Vətənpərvərlik elə bir hissdir ki, o, özü üçün deyil, eli, obası, xalqı üçün, yalnız bu gün üçün deyil, həm də gələcək üçün yaşamağa sövq edir.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin məsləhətçisi vəzifəsini icra edən Səftər Rəhimov bildirib ki, gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunması üçün şərait yaradır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.